"Ermənistanda hərbi xərclərin 70 faiz artrılması militarist siyasətin bariz nümunəsidir" - Komitə sədri
"Müdafiə xərclərinin artırılması ölkənin militarist büdcəyə sahib olması anlamına gəlmir. Azərbaycan hərbi xərclərini artırmaqla yanaşı, digər sosial və infrastruktur xərclərini məhdudlaşdırmır. Başqa sözlə, hərbi xərclərin artırılması, digər mühüm istiqamətlər üzrə xərc artımı fonunda baş verir".
Xeberlent.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Onun sözlərinə görə, hərbi xərclər büdcə məxaricinin 20,3 faizini təşkil etdiyi halda, sosialyönümlü xərclər 45 faizini, iqtisadi fəaliyyətlə bağlı xərclər isə 21 faizini təşkil edir:
"Göründüyü kimi, büdcə xərclərində ən yüksək paya malik olan heç də müdafiə xərcləri deyil. İqtisadiyyatın, o cümlədən büdcənin hərbiləşdirilməsi meyilləri revanşizm avantürasına yuvarlanan məğlub ölkə üçün daha xarakterikdir. Belə ki, bu ölkədə hərbi xərclər 2022-ci ildə 795 milyon təşkil etdiyi halda, 2023-cü ildə təxminən 70 faiz qalxaraq 1 milyard 330 milyon dollara çatıb. İşsizlik səviyyəsi 12 faizə, yoxsulluq səviyyəsi 24 faizə, xarici borc yükü ÜDM-in 54 faizə çatan, 15 ildən çoxdur kəskin və davamlı böhran yaşayan, 2025-ci ilin dövlət büdcəsi layihəsində 1,6 milyard dollar həcmində kəsr proqnozlaşdıran Ermənistanda hərbi xərclərin təkcə bir il ərzində 70 faiz artrılması militarist siyasətin və büdcənin bariz nümunəsidir".